Yer əlavə etmək

Bu dərsdə müəsissələr və müəyyən bina və sərhədləri əlavə etmək haqqında öyrənə bilərsiniz.  Yeni bir yer əlavə etməzdən öncə həmin yerin xəritədə olmadığını dəqiqləşdirin. Bunu etmək üçün xəritənin üstündəki paneldən Nəzərdən Keçir (Browse) düyməsinə klikləyin.

 

Yeri necə əlavə etməli?

  1. Xəritədən yuxarıdakı panelin sol tərəfindəki Yeni Əlavə Et (Add New) klikləyin.
  2. Açılan menyudan Yer əlavə et (Add a Place) seçimini seçin.
  3. Xəritənin sağ yuxarı küncündən peyk görüntüsünü seçib, obyektin yerini müəyyən edi. Müəyyən olunmuş nöqtəyə klikləyin. Əgər həmin yerdə bina çəkilibsə, binanın üzərinə klikləyin.
  4. Açılan menyudan əlavə etməkdə olduğunuz yerin kateqoriyasını seçin (restoran, kafe, ticarət mərkəzi, məktəb və s.)
  5. Aşağıdakı bölməyə müəssisənin adını da əlavə etdikdən sonra isə Davam edin (Continue)
  6. Yeni açılan sol paneldə obyektlə bağlı sahib olduğunuz məlumatları yerləşdirin (ad, ünvan, telefon, vebsayt, iş saatları, və s.)
  7. Bina/Sərhəd (Building/Boundary) bölməsində 3 seçim var:

            a) Bu yer tamamilə binanın içərisindədir (məs. ticarət mərkəzindəki dükan, binanın içindəki kafe və s.). Bu seçimi klikləyəndə bir qədər aşağıda Bina seç işarəsi əmələ gəlir və onu klikləyərək xəritədə obyektin yerləşdiyi binanı seçirsiz.

            b) Bu yerə ərazi və bina(lar) daxildir (məs. məktəb, universitet şəhərciyi, stadion, zavod, xəstəxana və s.). Bunu seçdikdən sonra bir qədər aşağıda Ərazinin konturlarını çək-ə klikləyərək xəritədə müəssisənin tutduğu ərazini çəkin.

c) Müəssisənin yerləşməsi yuxarıdakı seçimlərdən heç birinə uyğun gəlmirsə və yaxud bu barədə məlumatınız yoxdursa Bilmirəm (İ don’t know) seçimini seçin.

8.   Sonda isə  Yaddaşda Saxlayın (Save) və beləliklə əlavə etmək istədiyiniz yer digər istifadəçilər tərəfindən yoxlanılıb təsdiqlənməyə hazırdır.

 

Binanı görə bilmirəm

Əgər əlavə etmək istədiyiniz müəssisə yalnız binanın içində yerləşirsə və həmin bina xəritədə çəkilməyibsə, binanın konturlarını daha sonra ayrıca əlavə etmək lazımdır. Binanı çəkdikdən sonra isə müəssisədə lazımi dəyişiklikləri etmək mümkündür.

 

Qaralama kimi saxla

Əgər müəssisə ilə bağlı məlumatları yerləşdirməyə daha sonra davam etmək istəyirsinizsə, pəncərənin aşağı sol küncündə Qaralama kimi saxla-ya (Save as Draft) klikləyərək yaddaşda saxlaya bilərsiniz. Daha sonra bu qaralamaları Faəliyyət Axımı (Activities Stream) bölməsindəki Mənim Fəaliyyətlərim (My Activities) alt-bölməsindən tapa bilərsiniz.

 

Picture 4

Bundan əvvəlki yazıda xəritəsinin durumu nisbətən yaxşı olan rayon və şəhərlərin adlarını göstərilmişdi. Burada isə kəndləri, yolları, maraq nöqtələri ümumiyyətlə göstərilməyən və yaxud çox az miqdarda göstərilən yerlərin adları sadalanır.

Gəncə-Qazax İR
Ağstafa
Gədəbəy
Goranboy
Tovuz

Şəki-Zaqatala İR
Oğuz

Lənkəran İR
Astara
Cəlilabad
Masallı

Quba-Xaçmaz İR
Şabran
Siyəzən

Aran İR
Ağcabədi
Bərdə
Beyləqan
Biləsuvar
Göyçay
Hacıqabul
İmişli
Saatlı
Sabirabad
Salyan
Zardab

Yuxarı Qarabağ İR
Tərtər

Naxçıvan Muxtar Respublikası
Şahbuz
Şərur
Sədərək

Image

Bir müddət öncə adıçəkilən ərazilərdə yerləşən rayonlarının adlandırılması ilə bağlı böyük problemlər ortaya çıxmışdı. Belə ki, erməni istifadəçilər tərəfindən rayonların azərbaycanca adları dəyişdirilib, yerinə ermənicə adlar qoyulmuşdu. Bundan xəbər tutan media nümayəndələri ictimaiyyətə səs salıb, problemin həll edilməsini tələb etmişdilər. Dövlət və ayrı-ayrı istifadəçilərin  təşəbbüsündən sonra Google ərazi ilə bağlı qərar çıxarmışdı. Qərara əsasən Dağlıq Qarabağdakı rayon adları həm azərbaycanca, həm də ermənicə göstərilir.

Hazırda Yuxarı Qarabağ və Kəlbəcər-Laçın İR-larıın xəritəsi demək olar ki, çəkilib qurtarıb. Bu ərazilərdə azərbaycanlı istifadəçilərin halhazırda etməli olduqları iş, adları yalnız ermənicə göstərilmiş kənd və şəhərlərə, azərbaycanca adlarını əlavə etməkdir. Bunu edərkən ermənicə adların silinməsi doğru deyil və rəyçilər tərəfindən dərhal rədd edilir. Bəzi hallarda azərbaycanca adlar olsa belə kəndin ingilis adında yalnız ermənicə adın transliterasiyası olur. Belə olan halda, şəhərin adları sırasına azərbaycan dilindən ingilis dilinə düzgün transliterasiyasını əlavə etmək lazımdır. Bundan əlavə, xəritədə hələ də əlavə olunmamış kəndlər olmuş ola bilər ki, onları da əlavə etmək zəruridir.

Yeni “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində milli transliterasiya standartlarının yaradılması nəzərdə tutulub. Hazırda istifadəçilərin işlətdikləri qanunlar belədir: ç->ch (Xaçmaz-> Khachmaz), ş->sh (Şəki->Shaki), ə->a (Şəki->Shaki), ı->i (Saatlı->Saatli), ğ->gh (Ağdaş->Aghdash), ö->o (Göyçay->Goychay), ü->u (Kürdəmir->Kurdamir), x->kh (Xaçmaz->Khachmaz), c->j (Cəlilabad->Jalilabad), q->g (Qobustan->Gobustan).

Abşeron yarımadasıAşağıda 20 İyul 2013-cü ilə görə Azərbaycan ərazilərinin xəritələrinin durumu nisbətən yaxşı olan rayonların və şəhərlərin adı verilib. Buraya, xəritələrinə əlavə edilmiş kəndlərinin, yollarının, maraq obyektlərinin, təbii resurslarının sayına və sıxlığına görə qənaətbəxş sayıla biləcək yer adları daxildir. Lakin adları burada olan yerləri hər birində xəritə üzərində işləmək üçün böyük ehtiyac və potensial var. Bölgələr iqtisadi rayonlara (İR) ayrılaraq göstərilib. Yuxarı Qarabağ və Kəlbəcər-Laçın İR-ları haqda məlumat yerləşdirilməyib, belə ki, sözügedən ərazilərdə xəritəçəkmə işləri erməni istifadəçi(lər) tərəfindən demək olar ki, başa çatdırılıb. Azərbaycanlı istifadəçilərin həmin ərazidə görməli olduqları iş haqda növbəti yazıda məlumat əldə etmək olar.

Abşeron İqtisadi Rayonu (İR)
Abşeron
Bakı
Sumqayıt
Xızı

Gəncə-Qazax İR
Gəncə
Göygöl
Naftalan
Qazax
Şəmkir

Şəki-Zaqatala İR
Balakən
Zaqatala
Şəki
Qax
Qəbələ

Lənkəran İR
Lənkəran
Lerik
Yardımlı

Quba-Xaçmaz İR
Quba
Qusar
Xaçmaz

Aran İR
Ağdaş
Kürdəmir
Mingəçevir
Neftçala
Şirvan
Ucar
Yevlax

Dağlıq Şirvan İR
Ağsu
Qobustan
İsmayıllı
Şamaxı

Naxçıvan MR
Babək
Culfa
Naxçıvan
Ordubad

Image

            Bilməyənləriniz varsa, Google Mapmaker (GMM), Google Maps-ə, icazə verilən müəyyən ölkələrdə, istifadəçilər tərəfindən əlavələr və dəyişikliklər etmək imkanı verən bir Google servisidir. Sözügedən ölkələrdə, xəritənin sağ aşağı küncündə “Google Mapmaker-də dəyişdir” linki əmələ gəlir və burdan birbaşa GMM-ə daxil olmaq olur.

            Ölkəmizdə bir çox insan halhazırda vaxtaşırı Google Maps-dən istifadə edir. İnternet İstifadəçilərinin çoxu Bakı şəhərindən olduğu üçün, şəhərin xəritəsində digər bölgələrə nisbətən daha çox maraq nöqtəsi (ing.- point of interest – POİ) var. Eyni səbəbə görə, bu gün Bakı şəhərində xəritəyə edilən gündəlik dəyişikliklərin və əlavələrin sayı digər regionlarla müqayisəolunmazdır. Amma yenə də, digər ölkələrin böyük şəhərləri ilə müqayisədə, Bakının xəritəsi hələ ki, çox da inkişaf etmiş vəziyyətdə deyil. Müsbət hal odur ki, insanlar artıq sahib olduqları biznesləri və ya yaşadıqları qonşuluqları (və onlarda yerləşən obyektləri) özləri xəritəyə əlavə etməyə başlayıb. Çox təəssüf ki, eyni vəziyyəti digər iri şəhərlərdə (Gəncə, Sumqayıt, Şirvan və s.) müşahidə etmək çətindir, rayonlarda isə demək olar ki, mümkünsüzdür.

            Ümumiyyətlə bu prosesdə ən önəmli iş GMM-in daimi istifadəçilərinə düşür. Belə ki, xəritədə şəhər və kəndləri, yeni yolları, binaları, dövlət müəsisələrini əlavə etmək, mövcüd olanları düzəltmək üçün önəmli miqdarda vaxt investisiyası və GMM bilgisi gərəkli olur. Lazımi informasiyanı saytın “Yardım” bölməsindən əldə etmək mümkündür, amma məsələ vaxta gəlincə, burada bəzi problemlər ortaya çıxır.

            Halhazırda, azərbaycanlı GMM istifadəçilərin bir yerə toplaşdığı, bu yazı yazılan vaxt 14 nəfərdən ibarət olan bir qrup mövcuddur. Bu qrupun yaradılma məqsədi istifadəçilər arasında kommunikasiyanı təmin edərək, işlərin daha effektiv görülməsinə imkan yaratmaqdır. Məqsədlərə nə qədər nail olunur, demək çətindir, amma ən azından müəyyən çalışmalar olub.

            Sual oluna bilər, bəs kimin nəyinə lazımdır qızıldan qiymətli vaxtını Google Maps-ə sərf eləsin, özüdə məsələn Kürdəmirin (təhqir kimi anlaşılmasın) xəritəsini çəkməyə ? Bu yazının da əsas məqsədi məhz bu suala cavab axtarmaqdır və ümidvaram ki, bu yazını oxuyan şəxslərin ən azından bir qismi GMM daxil olub öz küçələrini, binalarını, və ya kəndlərini, xəritəyə əlavə etmək (təbii ki, qaydaları nəzərdən keçirdikdən sonra) üçün yetərli bir səbəbə sahib olacaq.

            Hər bir ölkənin sağlam şəkildə inkişaf etməsi üçün güclü vətəndaş cəmiyyətin mövcud olması önəmlidir. Vətəndaş cəmiyyəti isə ölkədaxili və xarici sosial və siyasi məsələlərə təsir etmək gücünə malik olur və ölkənin inkişafı üçün lazım olan açıqdüşüncəli insanların yaranmasına gətirib çıxarır. Belə cəmiyyətlərdə inkişaf və insanlar arasında əlaqələri möhkəmləndirməsi üçün daxili mexanizmlər olur. Bunun,

ən önəmli növlərindən biri isə, cəmiyyətin bütün yaş qruplarından olan insanların könüllü fəaliyyətidir. Könüllü fəaliyyət çoxşaxəli olub, yaşamın, səhiyyədən tutmuş, təhsilə, mədəniyyətə qədər, demək olar ki, bütün sahələrini əhatə edir və onların effektiv işləməsində həyati rol oynayır.

            Azərbaycanda, cəmiyyətimizin vəziyyəti ilə bağlı çox şey deməyə ehtiyac olduğunu düşünmürəm və bu sahədə vəziyyətin ürəkaçıcı olmadığını hamımızın qəbul etdiyinə inanıram. İnsanlar arasında ictimai sferada münasibət acınacaqlı vəziyyətdədir və bu da ölkənin inkişafına təsirsiz keçmir. Könüllü fəaliyyətlə bağlı bir neçə iri təşkilatlar olsa da, onlarla bağlı insanların yetəri qədər məlumat yoxdur. Ümumiyyətlə, ən azından mənim təcrübəmə əsasən, bu təşkilatların gözəçarpan dərəcədə geniş fəaliyyətlərini müşahidə etmək çətindir. Problem dairəvi xarakter daşıyır; məsələnin belə olmasının səbəbi elə məhz insanların bu tipli fəaliyyətə can atmamasındadır.

            Belə olan təqdirdə, dövlətin, qeyri-hökümət təşkilatlarının (QHT) və hər bir açıqdüşüncəli şəxsin bu məsələyə diqqət yönəltməsi vacibdir. GMM istifadəçiləri olaraq biz göstərmiş olduğumuz servisi məhz bu məqsədlə həyata keçirirdirməliyik. İnsanların daim istifadə etdiyi (yaxud gələcəkdə istifadə edəcəkləri) bir xidməti təmənnasız olaraq təkmilləşdirərək cəmiyyətimizə müəyyən qədər xidmət etdiyimizə inanırıq. Google Maps axtardığınız məkanlara gedən ən qısa yolu tapmaq, getmək istədiyiniz məkanlar haqda digər insanları düşüncələrini öyrənmək və ya olduğunuz yerlər haqda fikirlərinizi paylaşmaq, bilmədiyiniz yerlər kəşf etmək və başqa bir çox məqsədlə istifadə olunur. Smartfonların bu qədər yayğın olduğu bu dövrdə, turistik baxımdan da xüsusi önəmə sahib olan bu servisin istifadə potensialı haqda çox yazmağa ehtiyac yoxdur.

            Lakin xəritədən də göründüyü kimi, hələ ki, edilməli çox işlər var. Məqsəd ölkədəki hər bir yolu, binanı, müəsisəni xəritədə ən düzgün şəkildə göstərilməsinə nail olmaqdır. Aydındır ki, bu məqsədə, 14-20 nəfər könüllü ilə çatmaq illər aparar. Könüllü iş olduğuna görə, hamı yalnız boş vaxtlarında bunla məşğul olur. Ona görə də, daim yüksək iş tempi tutmaq olmur. Halhazırda ümumiyyətlə xəritəsi çəkilməmiş olan onlarla rayonun olması və Bakı şəhərinin xəritəsində belə bir çox çatışmamazlığın olması, bu işə töhfəsini verəcək könüllülərə böyük ehtiyac olduğunu göstərir.

            Əgər sizi ən azından öz qonşuluğunuzdakı yerləri əlavə etməyə inandıra bildimsə , ediləcək şey çox sadədir. Google MapMaker-ə daxil olub, qaydalarla tanış olduqdan sonra öz yaşadığınız binanı, sonra qonşuluqdakı binaları, sonra getdiyiniz bir restoranı, olduğunuz bir parkı, kəndinizi, ora gedən yolu, Mamed dayının kitab mağazasını, ya da nə bilim, ağlınızdan keçən hər hansı bir müəsisəni əlavə etməyə çalışın. Daha sonra Facebook-dakı qrupumuza üzv olub, suallarınızı və etdiyiniz əlavələri paylaşın.