Image

            Bilməyənləriniz varsa, Google Mapmaker (GMM), Google Maps-ə, icazə verilən müəyyən ölkələrdə, istifadəçilər tərəfindən əlavələr və dəyişikliklər etmək imkanı verən bir Google servisidir. Sözügedən ölkələrdə, xəritənin sağ aşağı küncündə “Google Mapmaker-də dəyişdir” linki əmələ gəlir və burdan birbaşa GMM-ə daxil olmaq olur.

            Ölkəmizdə bir çox insan halhazırda vaxtaşırı Google Maps-dən istifadə edir. İnternet İstifadəçilərinin çoxu Bakı şəhərindən olduğu üçün, şəhərin xəritəsində digər bölgələrə nisbətən daha çox maraq nöqtəsi (ing.- point of interest – POİ) var. Eyni səbəbə görə, bu gün Bakı şəhərində xəritəyə edilən gündəlik dəyişikliklərin və əlavələrin sayı digər regionlarla müqayisəolunmazdır. Amma yenə də, digər ölkələrin böyük şəhərləri ilə müqayisədə, Bakının xəritəsi hələ ki, çox da inkişaf etmiş vəziyyətdə deyil. Müsbət hal odur ki, insanlar artıq sahib olduqları biznesləri və ya yaşadıqları qonşuluqları (və onlarda yerləşən obyektləri) özləri xəritəyə əlavə etməyə başlayıb. Çox təəssüf ki, eyni vəziyyəti digər iri şəhərlərdə (Gəncə, Sumqayıt, Şirvan və s.) müşahidə etmək çətindir, rayonlarda isə demək olar ki, mümkünsüzdür.

            Ümumiyyətlə bu prosesdə ən önəmli iş GMM-in daimi istifadəçilərinə düşür. Belə ki, xəritədə şəhər və kəndləri, yeni yolları, binaları, dövlət müəsisələrini əlavə etmək, mövcüd olanları düzəltmək üçün önəmli miqdarda vaxt investisiyası və GMM bilgisi gərəkli olur. Lazımi informasiyanı saytın “Yardım” bölməsindən əldə etmək mümkündür, amma məsələ vaxta gəlincə, burada bəzi problemlər ortaya çıxır.

            Halhazırda, azərbaycanlı GMM istifadəçilərin bir yerə toplaşdığı, bu yazı yazılan vaxt 14 nəfərdən ibarət olan bir qrup mövcuddur. Bu qrupun yaradılma məqsədi istifadəçilər arasında kommunikasiyanı təmin edərək, işlərin daha effektiv görülməsinə imkan yaratmaqdır. Məqsədlərə nə qədər nail olunur, demək çətindir, amma ən azından müəyyən çalışmalar olub.

            Sual oluna bilər, bəs kimin nəyinə lazımdır qızıldan qiymətli vaxtını Google Maps-ə sərf eləsin, özüdə məsələn Kürdəmirin (təhqir kimi anlaşılmasın) xəritəsini çəkməyə ? Bu yazının da əsas məqsədi məhz bu suala cavab axtarmaqdır və ümidvaram ki, bu yazını oxuyan şəxslərin ən azından bir qismi GMM daxil olub öz küçələrini, binalarını, və ya kəndlərini, xəritəyə əlavə etmək (təbii ki, qaydaları nəzərdən keçirdikdən sonra) üçün yetərli bir səbəbə sahib olacaq.

            Hər bir ölkənin sağlam şəkildə inkişaf etməsi üçün güclü vətəndaş cəmiyyətin mövcud olması önəmlidir. Vətəndaş cəmiyyəti isə ölkədaxili və xarici sosial və siyasi məsələlərə təsir etmək gücünə malik olur və ölkənin inkişafı üçün lazım olan açıqdüşüncəli insanların yaranmasına gətirib çıxarır. Belə cəmiyyətlərdə inkişaf və insanlar arasında əlaqələri möhkəmləndirməsi üçün daxili mexanizmlər olur. Bunun,

ən önəmli növlərindən biri isə, cəmiyyətin bütün yaş qruplarından olan insanların könüllü fəaliyyətidir. Könüllü fəaliyyət çoxşaxəli olub, yaşamın, səhiyyədən tutmuş, təhsilə, mədəniyyətə qədər, demək olar ki, bütün sahələrini əhatə edir və onların effektiv işləməsində həyati rol oynayır.

            Azərbaycanda, cəmiyyətimizin vəziyyəti ilə bağlı çox şey deməyə ehtiyac olduğunu düşünmürəm və bu sahədə vəziyyətin ürəkaçıcı olmadığını hamımızın qəbul etdiyinə inanıram. İnsanlar arasında ictimai sferada münasibət acınacaqlı vəziyyətdədir və bu da ölkənin inkişafına təsirsiz keçmir. Könüllü fəaliyyətlə bağlı bir neçə iri təşkilatlar olsa da, onlarla bağlı insanların yetəri qədər məlumat yoxdur. Ümumiyyətlə, ən azından mənim təcrübəmə əsasən, bu təşkilatların gözəçarpan dərəcədə geniş fəaliyyətlərini müşahidə etmək çətindir. Problem dairəvi xarakter daşıyır; məsələnin belə olmasının səbəbi elə məhz insanların bu tipli fəaliyyətə can atmamasındadır.

            Belə olan təqdirdə, dövlətin, qeyri-hökümət təşkilatlarının (QHT) və hər bir açıqdüşüncəli şəxsin bu məsələyə diqqət yönəltməsi vacibdir. GMM istifadəçiləri olaraq biz göstərmiş olduğumuz servisi məhz bu məqsədlə həyata keçirirdirməliyik. İnsanların daim istifadə etdiyi (yaxud gələcəkdə istifadə edəcəkləri) bir xidməti təmənnasız olaraq təkmilləşdirərək cəmiyyətimizə müəyyən qədər xidmət etdiyimizə inanırıq. Google Maps axtardığınız məkanlara gedən ən qısa yolu tapmaq, getmək istədiyiniz məkanlar haqda digər insanları düşüncələrini öyrənmək və ya olduğunuz yerlər haqda fikirlərinizi paylaşmaq, bilmədiyiniz yerlər kəşf etmək və başqa bir çox məqsədlə istifadə olunur. Smartfonların bu qədər yayğın olduğu bu dövrdə, turistik baxımdan da xüsusi önəmə sahib olan bu servisin istifadə potensialı haqda çox yazmağa ehtiyac yoxdur.

            Lakin xəritədən də göründüyü kimi, hələ ki, edilməli çox işlər var. Məqsəd ölkədəki hər bir yolu, binanı, müəsisəni xəritədə ən düzgün şəkildə göstərilməsinə nail olmaqdır. Aydındır ki, bu məqsədə, 14-20 nəfər könüllü ilə çatmaq illər aparar. Könüllü iş olduğuna görə, hamı yalnız boş vaxtlarında bunla məşğul olur. Ona görə də, daim yüksək iş tempi tutmaq olmur. Halhazırda ümumiyyətlə xəritəsi çəkilməmiş olan onlarla rayonun olması və Bakı şəhərinin xəritəsində belə bir çox çatışmamazlığın olması, bu işə töhfəsini verəcək könüllülərə böyük ehtiyac olduğunu göstərir.

            Əgər sizi ən azından öz qonşuluğunuzdakı yerləri əlavə etməyə inandıra bildimsə , ediləcək şey çox sadədir. Google MapMaker-ə daxil olub, qaydalarla tanış olduqdan sonra öz yaşadığınız binanı, sonra qonşuluqdakı binaları, sonra getdiyiniz bir restoranı, olduğunuz bir parkı, kəndinizi, ora gedən yolu, Mamed dayının kitab mağazasını, ya da nə bilim, ağlınızdan keçən hər hansı bir müəsisəni əlavə etməyə çalışın. Daha sonra Facebook-dakı qrupumuza üzv olub, suallarınızı və etdiyiniz əlavələri paylaşın.